Xalça

Azərbaycan xalçaçılığı

Azərbaycan dünyada xalçaçılıq ənənələrinə malik olan nadir regionlardan biridir. Ən qədim zamanlardan, yerli xalçaçılar sadə toxuculuq nümunələrindən tutmuş, mürəkkəb xalça işləmələrinə qədər ecazkar sənət əsərləri ərsəyə gətirmişlər. 2010-cu ildə, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun “Ümumbəşəri Qeyri-maddi Mədəni İrsi Siyahısı”na daxil edilmişdir.

Azərbaycan xalçaçılığının banisi, görkəmli alim, müəllim və “Azərbaycan Xalçası” adlı fundamental əsərin müəllifi olan Lətif Kərimov öz təsnifatında Azərbaycan xalçalarını 4 qrupa ayırır: Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaları. Bu təsnifata əsasən xalçalar ornament, toxuma üsulları kimi xarakteristikalarına görə qruplaşdırılmışdır.

Zəngin toxuma üsullarına əsaslanan Azərbaycan xalçaları xovlu və xovsuz olaraq iki əsas qrupa ayrılır.

Xovsuz xalçalar özləri də toxunma mürəkkəbliyinə görə iki yerə bölmək olar: sadə toxuculuq nümunələri hesab olunan “palaz”, “cecim”, “kilim”, mürəkkəb toxuma prosesini əks etdirən “vərni”, “zili”, “ladı”, “şəddə”, “sumax”. Azərbaycan xalçalarının özəl xüsusiyyətlərindən biri də odur ki, xalça təsvirləri sırasında bitki, heyvan, antropomorfik və həndəsi motivlər geniş istifadə olunur.

600-dən çox dizaynda toxunan Azərbaycan xalçaları mürəkkəb ornament kompozisiyasiyalarına görə fərqlənirlər. Spesifik olaraq bəzi kənd və şəhərlərin toxuculuq üslubunu qoruyan xalçalar həmin ərazilərin adları ilə tanınır. Sevindirici haldır ki, qiymətsiz irs hesab olunan xalça toxuculuğu ənənələri unudulmamış, nəsildən-nəslə ötürülmüşdür.

Xalça Azərbaycan əhalisinin məişət həyatında gündəlik istifadə etdiyi əşyalardan biri olmuşdur. Məşhur Azərbaycan atalar sözü deyir: “Xalçam asılan yer mənim evimdir”. Azərbaycanlılar xalçanı evlərinin damını, divarlarını, döşəməni örtmək üçün, həmçinin üst geyimi və çanta kimi istifadə edirdilər. Belə ki, ev əşyaları arasında mühüm hesab olunan və geniş istifadə olunan “məfrəş”, “xurcun”, “heybə”, “çuval”, “çul”, “yəhər üstü” və s. kimi xalçaçılıq nümunələrinə demək olar ki, hər evdə rast gəlinirdi.

Hal-hazırda Azərbaycan xalçaçılıq sənətinin əsrarəngiz nümunələri Azərbaycan xalqının zəngin və qədim mədəniyyətini əks etdirən dəlillər kimi Avropa, ABŞ və Rusiyanın dünyaca məşhur muzeylərində qiymətli tarixi əsərlər kimi qorunub saxlanılır.