Şərab

Üzümçülük-şərabçılıq

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nda üzümçülüyün və onun emal sənayesinin müasir bazar tələbləri səviyyəsində inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulmuş vəzifələrin həlli nəticəsində Azərbaycanda süfrə və texniki üzüm sortlarının əkin sahələri ildən-ilə genişlənir. Hər il rayonlar üzrə üzümçülük sahələri təxminən 200 hektar artırılır. Dövlət Proqramı çərçivəsində 2020-ci ildə ölkə üzrə üzüm bağlarının ümumi sahəsi 50 min hektara, üzüm istehsalı 500 min tona çatdırılmalıdır. Yığılan məhsulun 30 faizinin süfrə üzümü olacağı, qalan 350 min ton üzümün isə emal edilərək markalı şərabların istehsalına yönəldiləcəyi güman edilir.

Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın üzüm emalı müəssisəsində lisenziya əsasında təbii üzüm şərabları, şampan tipli şərablar, likör, konyak tipli içkilər (brendi), araq (vodka), rektifikasiya edilmiş etil yeyinti spirti, konyak spirti, xam spirt və s. istehsal edilir. Həmin şərabçılıq məhsulları ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Kanada, İsveç, Hindistan, Vyetnam, Çin, Yaponiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Pribaltika ölkələrinə ixrac edilir. Yerli şərab məhsulları, ən iri satış bazarı hesab olunan Rusiya Federasiyasında xüsusi qiymətləndirilir.

XX-ci əsrin 80-ci illərinin əvvəllərində ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər sayəsində üzümçülük sahəsinin yüksək inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. 1984-cü ildə üzümlüklərin sahəsi 284 min hektar, üzüm istehsalı ildə 2,1 milyon ton, hektardan məhsuldarlıq 100 sentner təşkil edirdi. Üzüm istehsalına görə Azərbaycan keçmiş Sovet İttifaqında birinci yerə çıxmışdı.

İttifaq üzrə şərab və konyak istehsalı sahəsində respublikamızın xüsusi çəkisi müntəzəm olaraq yüksəlirdi. İstehsal həcminin artması ilə yanaşı istehsal olunan şərabçılıq məhsullarının keyfiyyəti də xeyli yaxşılaşmış, çeşidi genişlənmişdi. Respublikanın şərab zavodlarında 60 markadan çox şərab, o cümlədən 17 növ turş süfrə şərabı, 20 növ portveyn tipli tünd şərab, 11 növ desert şərab və 10 marka konyak istehsal edilirdi.

Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli süfrə və desert şərabları, konyak və şampan tipli içkilər beynəlxalq sərgilərdə, dequstasiya və yarmarkalarda 4 Qran-pri mükafatına, 46 qızıl, 49 gümüş və 3 bürünc medala layiq görülmüşdü. Azərbaycanda istehsal edilən şərabçılıq məhsulları Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Çexoslovakiya, Kuba və Monqolustan kimi ölkələrə ixrac olunurdu. Üzümçülük sahəsi və onun emal sənayesindən əldə olunan gəlir dövlət büdcəsinin təxminən 40 %-ni təşkil edirdi.

Lakin keçmiş Sovet İttifaqı rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilmiş, uzun illər boyu böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılmışdır. Respublika iqtisadiyyatına 630 milyon manat dəyərində ziyan vurulmuşdur. Digər tərəfdən, 90-cı illərin əvvəllərində Sovet İttifaqında yaranmış iqtisadi böhran da öz mənfi təsirini göstərərək, istehsalçılarla istehlakçılar arasındakı ənənəvi münasibətlərin pozulmasına və nəticə olaraq bir çox üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdu. Dağlıq Qarabaq münaqişəsi nəticəsində ermənilər tərəfindən işğal olunmuş ərazilərdə emal gücü 320 min ton olan 30 üzüm emalı zavodu, 10 şərab süzmə xətti qanunsuz yolla mənimsənilmiş, 43,1 min hektar üzüm bağı işğal altında qalmışdır. Təkcə bu zavodların zəbt edilməsi Azərbaycana 500 milyon ABŞ dolları dəyərində ziyan vurmuşdur. Təbii ki, bütün bu neqativ hallar Azərbaycan şərablarının dünya səviyyəsində ixracı üçün əlverişli şərait yarada bilməzdi.

Şərab bazarının inkişafı istiqamətində atılan ilk addımlardan biri 2002-ci ildə qəbul olunmuş “Üzümçülük və şərabçılıq haqqında” Qanun oldu. Nəticələr özünü çox gözlətmədi. Hal-hazırda Azərbaycanda istehsal olunan şərab məhsulları, idxal olunan şərablardan daha keyfiyyətlidir. Şərabçılıq sənayesinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə Azərbaycanda məqsədyönlü dövlət proqramları işlənib hazırlanmış, qiymət, kredit və vergi sistemləri təkmilləşdirilmiş, lisenziya və sertifikatlaşdırma qaydalarına yenidən baxılmışdır. Bunun sayəsində Azərbaycan inkişaf etmiş şərabçılıq ölkələrinə çevrilir və Azərbaycan şərabları artıq dünya şöhrəti qazanırlar. AZPROMO İxracat və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə Vaşinqtonda Azərbaycan şərablarının dequstasiyası keçirilmişdir. Aksiya çərçivəsində ”Abşeron Şərab”, “Aspi Wineries”, “Az-Qranata”, “Caspian Coast”, “VinAqro Göygöl”, “Şərq Ulduzu” şərabçılıq müəssislərində istehsal olunmuş şərablar dequstasiya edilmişdir. Ekspertlərin gəldiyi qənaətə görə, Azərbaycan şərabları ABŞ bazarında yüksək rəqabət aparma potensialına malikdirlər.

Azərbaycan üzümçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişli torpaq-iqlim şəraitinə malik ölkələrdən biridir. Burada hələ qədim zamanlarda yüksək üzümçülük mədəniyyəti mövcud idi. Arxeoloji qazıntılar zamanı tapılmış üzüm toxumları, salxım və yarpaq qalıqları, şərab hazırlamaq üçün nəzərdə tutulan daş alətlər, divarlarında çaxır daşı izləri aşkar olunmuş iri gil küplər və digər maddi mədəniyyət nümunələri alimlər tərəfindən bəşəriyyət tarixinin ilkin dövrünə aid edilmişdir. Ağstafa yaxınlığında yerləşən Şomutəpə adlanan tarixi abidə ətrafında aparılan qazıntılar zamanı müxtəlif bitki qalıqları, o cümlədən üzüm toxumları tapılmışdır. Məhz bu tapıntı əsasında Azərbaycanda mədəni üzümçülüyün ən azı 7 minillik tarixi olduğu sübuta yetirilmişdir.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişaf etdirilməsi və şərab ticarətinin sadələşdirilməsi məqsədilə özündə Argentina, Kanada, Çili, Avstraliya, Yeni Zellandiya, Cənubi Afrika, ABŞ və Gürcüstan kimi ölkələrin hökumət və sənaye nümayəndələrini birləşdirən Dünya Şərab Ticarəti Qrupuna Azərbaycan Respublikasının da üzv qismində daxil edilməsi istiqamətində işlər aparılır. Azərbaycan dövlətinin DŞTQ-ya üzv seçilməsi Azərbaycan şərablarının beynəlxalq bazarda tanınması, təbliğ edilməsi, eləcə də onların rəqabət qabiliyyətinin və nüfuzunun artması üçün zəmin yarada bilər.