Xəbərlər

Qazaxıstana ixrac missiyası təşkil olunacaq!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Qazaxıstan Respublikasının Astana və Almatı şəhərlərinə ixrac missiyasını təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyasında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyalarının tarixləri: Qazaxıstan Respublikasının Astana və Almatı şəhərləri: 23-26 aprel 2017-ci il.

İxrac missiyasının əhatə etdiyi sektorlar:
Tikinti və abadlıq materiallarının istehsalı
Kimya sənayesi
Maşınqayırma
Ətir və Kosmetika istehsalı
Meyvə-tərəvəz məhsulları
Spirtli və spirtsiz içkilər
Konservləşdirilmiş qida məhsulları
Çay məhsulları
Yüngül sənaye

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 28 mart 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiniz.

Seçim meyarları:

ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;
məhsulun hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;
sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci və 2016-cı illərdə ixrac olunan məhsulların miqdarı göstərilməklə – 5 (beş) bal);
 

Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.  

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;
sahibkarın istehsal və ixrac potensialı, əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər aşağıdakı ünvan üzrə 17 mart 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün qeyd olunan elektron poçt ünvanına (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (telş: +99412 5980147/48 (daxili 141) müraciət edə bilərsiniz.