Son illərdə sürətli artım qeydə alınan meyvə-tərəvəz sektorunun uğurla inkişaf etdirilməsi üçün Azərbaycanın münbit coğrafi arealda yerləşməsi, əlverişli iqlim şəraitinin olması və başqa bu kimi üstünlüklər mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iqlim şəraiti məhsulun il ərzində bir neçə dəfə yığımına və meyvə-tərəvəz mövsümünün əhəmiyyətli dərəcədə uzanmasına imkan verir. Əlavə olaraq, aşağı istehsal xərcləri və ucuz işçi qüvvəsinin mövcudluğu Azərbaycanda bu sektorun inkişafına gətirib çıxaran amillərdəndir.
Xüsusən pambıq, meyvə-tərəvəz, tütün və üzüm istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunda önəmli mövqe tutur və yerli xalqın tələbatını tamamilə ödəmək qabiliyyətinə malikdir. Xaçmaz, Lənkəran, nisbətən Aran zonası və Abşeron regionu tərəvəz istehsalı ilə tanınır. Əsasən yay aylarında açıq tarlalarda becərilən Xaçmaz pomidorları bütün MDB məkanında öz dadına görə xüsusi seçilir. Bundan başqa, Abşeron yarımadasında istixana şəraitində istehsal olunan pomidorun tələbatın ödənilməsində rolu mühümdür. Zirə pomidoru regionumuzda ən dadlı pomidor növlərindən biri kimi çox yaxşı tanınır. Son illərdə, pomidor becərən istixanaların əraziləri genişləndirilərək digər regionları da əhatə etməyə başlamışdır.
İxrac olunan Azərbaycan tərəvəzləri, xüsusilə də pomidor və xiyar məxsusi dadına görə MDB ölkələrində yüksək qiymətləndirilir.